Gəncədə zəhərlənmə baş verən dönərxananın fəaliyyəti dayandırılıb

Azərbaycan.media xəbər verir ki, Gəncədə zəhərlənmə hadisəsi ilə bağlı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə “Qafqazinfo”ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik bildirir ki, baş verən hadisə nəzarətə götürülüb və səbəblərin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır. Hadisə yerində Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib, nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Qeyd olunub ki, araşdırmalar davam edir.

Xatırladaq ki, ötən gün Gəncədə Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin 8 şagirdi yedikləri dönərdən zəhərlənib. Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən şagirdlərə zəruri tibbi xidmət göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıblar.