Prezident yüksək səviyyəli qəbullar reallaşdırdı

Prezident İlham Əliyevin “John Deere” rəhbərliyi və Böyük Britaniya ticarət elçisi ilə görüşləri – əməkdaşlıq və sülh gündəliyi müzakirə edildi

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 10-da “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin baş icraçı direktoru Ksaba Leykoni qəbul edib.

Görüş zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensiala malik olduğu vurğulanıb, bu sahənin inkişafı üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Qonaq “John Deere”in ölkəmizdə uğurlu fəaliyyətindən məmnun olduqlarını bildirib və xüsusilə pambıqçılıq sahəsində təqdim etdikləri layihə barədə məlumat verib. Ksaba Leykon Bakıda müşahidə etdiyi inkişafın onda dərin təəssürat yaratdığını qeyd edib.

Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə mübadiləsi, suvarma, logistika, pambıq və taxıl istehsalı üzrə dəyər zəncirinin rəqəmsallaşdırılması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1837-ci ildə ABŞ-da təsis olunan “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərindəndir. Şirkətin ötən ilki ümumi gəliri 52 milyard dollara yaxın olub və 30-dan çox ölkədə zavod və ofisləri fəaliyyət göstərir.

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.

Lord Olderdays Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunan nəticələr münasibətilə dövlət başçısını təbrik edib. Prezident İlham Əliyev təşəkkür edərək bu razılaşmaların tarixi əhəmiyyətini vurğulayıb və prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi qeyd edib. Dövlət başçısı sülh gündəliyinin irəli aparılması üçün səylərin davam etdiriləcəyini bildirib, sülhün regionun iqtisadi inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanla bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı da diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərinin dinamik inkişaf etdiyi bildirilib, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, bərpaolunan enerji, müdafiə sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Həmçinin müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin dərinləşdirilməsində mühüm rol oynadığı qeyd edilib.

Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində aktiv iştirakının xüsusi məmnunluq doğurduğu bildirilib.