Leyla Əliyeva Türkmənistanda uşaqlara dəstək layihəsinin açılışında iştirak edib

Azərbaycan.media xəbər verir ki, Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı keçirilib.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva bildirib ki, Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fond bu illər ərzində genişmiqyaslı və səmərəli fəaliyyət həyata keçirib:
“Fondun yaranması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətinə qoşulmaq imkanı verdi. Onun vasitəsilə yüzlərlə mürəkkəb tibbi əməliyyatlar icra olunub, bir çox tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib”.

O vurğulayıb ki, uşaqlara qayğı Türkmənistan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Avaza filialında uşaqlar üçün yüksəkkeyfiyyətli tibbi xidmətlə yanaşı, onların istirahəti və reabilitasiyası üçün də hərtərəfli şərait mövcuddur.

Atabayeva əlavə edib ki, Fond BMT-nin, xüsusən də uşaqların həyat şəraitinin yaxşılaşdırılmasını hədəfləyən Davamlı İnkişaf Məqsədlərinə dəstəyi bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Fondun əsas məqsədi gənc nəslə dəstək vermək, uşaqlar üçün sağlam və əlverişli şərait yaratmaq, qayğıya ehtiyacı olanların müalicə və reabilitasiyasına yardım göstərməkdir. Bu müddət ərzində Fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə müxtəlif humanitar və xeyriyyə layihələri icra olunub.

Fond həmçinin UNICEF ilə əməkdaşlıq edir və indiyədək Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardım göndərib.