Zelenski Tramp-Putin planına qarşı: Ukrayna Donbasdan çəkilməyə razılaşmır

Azərbaycan.media xəbər verir ki, Ukrayna rəhbərliyi ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında müzakirə olunduğu iddia edilən “Donbasdan qoşunların çıxarılması müqabilində atəşkəs” planına qəti şəkildə etiraz edir. Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələdə açıq mövqe ortaya qoyaraq bildirib: “Ukraynanın Konstitusiyaya, beynəlxalq hüquqa və mənəvi qanunlara əsasən öz ərazilərindən imtina etmək hüququ yoxdur.”

Politoloq Kamran Cəfərov Axar.az-a açıqlamasında qeyd edib ki, Zelenskinin bu möhkəm mövqeyi birbaşa Avropa ölkələrinin dəstəyi ilə güclənib. Onun sözlərinə görə, Avropa liderlərinin Ukrayna ilə həmrəyliyi həm siyasi, həm də informasiya müstəvisində Trampın planını çətinləşdirir.

Cəfərov bildirib ki, Qərb mediasında Zelenskinin Avropa liderləri ilə birlikdə nümayiş etdirilməsi, ərazi təsliminin qəbuledilməzliyi barədə ardıcıl mesajlar ictimai rəyin formalaşmasına ciddi təsir göstərir: “Bu fon açıq şəkildə Trampın maraqlarına uyğun deyil və onun təzyiq imkanlarını zəiflədir.”

Politoloqun sözlərinə görə, Tramp-Putin planının pozulması Ağ Evə qayıdan Trampın narazılığını artırıb. Bunun nəticəsi olaraq o, təzyiqi Ukraynadan Avropaya yönəltməyə başlayıb. Cəfərov bildirir ki, Trampın ABŞ daxilində Avropaya qarşı başladığı kampaniyada İlon Mask, Stiv Bennon, Maykl Flinn və senatdakı tərəfdarlarının da aktiv rolu var:

“Bu şəxslər Medvedyev və Dugin kimi radikal rus fiqurları ilə paralel şəkildə Avropaya qarşı sərt tənqid dalğası yaradırlar.”

Politoloq əlavə edib ki, Avropa liderləri Trampın ritorikasını yumşaq diplomatik jestlərlə neytrallaşdırmağa çalışır: “Onlar Trampın üzünə gülərək, onu ‘böyük lider’ kimi təqdim edib əməkdaşlığa açıq görünürlər, amma eyni zamanda öz təhlükəsizlik strategiyalarını möhkəmləndirir, silahlanmanı davam etdirirlər.”