Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan İcmasının ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışına ümid yaradır: “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır”.
Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan.media-ya açıqlamasında bildirib ki, Prezidentin mesajları Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irsin məqsədli şəkildə məhv edilməsinin beynəlxalq hüquqa zidd olduğunu ortaya qoyur. O qeyd edib ki, bu cür dağıdılma 1954-cü il Haaqa Konvensiyası və 1999-cu il Protokolu ilə qadağan edilib. Konvensiyalara görə, dövlətlər müharibə və işğal zamanı abidələrin, dini və tarixi yerlərin qorunmasını təmin etməli, onların vandalizm və talan edilməsi isə konvensiyanın pozuntusu hesab olunur.
E.Akimova əlavə edib ki, mədəni və dini obyektlərin məhv edilməsi insan hüquqlarına zərbə vurur və qayıdış, mülkiyyət və mədəni kimlik hüquqlarını pozur: “1999-cu Protokola görə, abidələrin genişmiqyaslı və məqsədli dağıdılması yalnız dövlət üçün deyil, bu əməlləri həyata keçirən fərdlər üçün də cinayət məsuliyyəti yaradır. Ermənistanın azərbaycanlılara məxsus mədəni irsi sistemli şəkildə məhv etməsi beynəlxalq humanitar hüququn, insan hüquqlarının və mədəni irsin qorunmasına dair konvensiyaların pozulmasıdır. Bu isə həm dövlət məsuliyyəti, həm də zərurət yarandıqda fərdi cinayət məsuliyyəti doğuran hüquqi nəticələrə səbəb olur”.
