AZAL və Asiya İnkişaf Bankı ESG üzrə texniki dəstək layihəsi üçün memorandum imzalayıb

Azərbaycan.media xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) və Asiya İnkişaf Bankı (AİB) “ESG-nin əməliyyatlaşdırılması” (Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsi üzrə əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar.

Layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Memorandum “AZAL” QSC-nin prezidenti Samir Rzayev və AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal tərəfindən imzalanıb. Tədbirdə həmçinin AİB-in regional direktoru Enriko Pinali, eləcə də AZAL və bankın nümayəndələri iştirak ediblər.

Layihə AİB tərəfindən maliyyələşdirilir və 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək “ESG-nin əməliyyatlaşdırılması” layihəsi çərçivəsində ESG prinsipləri əsas idarəetmə və əməliyyat proseslərinə inteqrasiya olunacaq.

Layihə çərçivəsində dayanıqlı maliyyələşdirmə və “yaşıl” aviasiya təşəbbüsləri, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması, həmçinin müasir ESG hesabatlılıq sisteminin formalaşdırılması planlaşdırılır.

AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib: “AİB ilə əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. ESG təcrübələrinin tətbiqi və investisiya imkanlarının genişləndirilməsi, maliyyə institutları ilə tərəfdaşlıqların gücləndirilməsi bizim prioritetimizdir. Bu layihə həm ölkədə, həm regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan verəcək”.

AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal isə əlavə edib: “Texniki dəstək vasitəsilə AZAL ilə tərəfdaşlığımızı genişləndiririk. Bu təşəbbüs aviaşirkətin dayanıqlı inkişaf hədəflərinə xidmət edir və Azərbaycanın yaşıl və innovativ aviasiya strategiyasına töhfə verir”.

Həmçinin əməkdaşlığın digər istiqamətləri də nəzərdən keçirilir: təmiz enerji təşəbbüsləri, emissiyaların kompensasiyası üzrə kreditlər, yaşıl istiqrazlar, dairəvi iqtisadiyyat və digər sahələr üzrə perspektivlər araşdırılır.

Yeni əməkdaşlıq AZAL-ın ESG strategiyasının və “Sıfır/Sıfıra Yaxın Emissiya Planı”nın icrasında uzunmüddətli perspektivlər açır, həmçinin regional əlaqələrin gücləndirilməsi, yeni tərəfdaşlıqların inkişafı, ESG üzrə məlumatların təhlili, iqlim risklərinin investisiya layihələrinə inteqrasiyası və beynəlxalq standartların tətbiqinin davam etdirilməsinə şərait yaradır.