Yazıçı-jurnalist və “Azərbaycan Radiosu”nun aparıcısı Günel Natiq Azərbaycan.media. az-a verdiyi açıqlamada ölkəmizdə narkomaniyanın yayılması və gənclərin bu bəladan qorunması yolları barədə danışıb.
Günel Natiq bildirib ki, Azərbaycanda narkotik 1990-cı illərdən sonra geniş yayılıb və bu gənclərin sağlamlığına ciddi zərər vurur: “Narkotik gənclərin vaxtından tez yaşlanmasına, orqanizmlərində fəsadlar yaranmasına, qəfil ölümlərə, ürəktutmalara, infarktlara səbəb olur. Məktəblərdən əsaslı nəzarət gözləmək bir az sadəlövhlük olar, bu işə ailələrin öz yanaşması olmalıdır. Valideynlər uşaqlarını nəzarətdə saxlamalı, onların dostları və ətrafları ilə maraqlanmalı, lazım gəlsə digər valideynlərlə də tanışlıq qurmalıdırlar. Mühit çox önəmlidir. Uşaq düşdüyü mühitə uyğunlaşmağa çalışır, pis mühitdə isə o da yanlış vərdişlərə yönələ bilər”.
O, valideynlərin uşaqlarını faydalı fəaliyyətlərə yönəltməsinin vacibliyini vurğulayıb: “Uşaqlar musiqi, idman, rəsm və digər sahələrə yönəldilsə, həm pis mühitdən qorunacaqlar, həm də yeni həyat baxışı qazanacaqlar”.
Günel Natiq narkotik istifadəçilərinə qarşı sərt cəzaların effektiv olmadığını deyib: “Məsələn, bir çox Avropa ölkələrində narkotik qanunidir, amma bu nəticəyə təsir etmir. Əsas məsələ maarifləndirmədir. Gənclərə narkotikin hansı bəlalara gətirib çıxardığı, ailələrdə necə fəlakətlər yaratdığı başa salınmalıdır. Narkotik çəkən insanın normal ailəsi olmur, uşaqları pərən-pərən qalır, özü isə peşmançılıq içində yaşayır”.
O, narkotiklə bağlı zorakılıq hallarına da diqqət çəkib: “Gənclər anlamalıdırlar ki, narkotik çəkən insan şəxsiyyət kimi formalaşa, ailə başçısı və ata ola bilməz. Son vaxtlar bir çox qadın narkoman ərin zorakılığının qurbanı olub, uşaqları gözü yaşlı qalıb”.
Günel Natiq hesab edir ki, məktəblərdə narkomaniyaya qarşı maarifləndirmə işinə peşəkar insanlar cəlb olunmalıdır: “Bunlar həqiqətən dəyərli insanlar olmalıdır. Məktəbin vəzifəsi cəhaləti, savadsızlığı aradan qaldırmaqdır, sosial qüsurları yox. Şagirdlər həyat dəyərlərini düzgün öyrənməli və məsuliyyət daşımalıdırlar”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Mənbə: Azərbaycan.media
