Zülfiyyə Bayramova: Narkotiklə mübarizə hər bir vətəndaşın borcudur

Tanınmış aparıcı və hüquqşünas Zülfiyyə Bayramova Azərbaycan.media. az-a açıqlamasında ölkədə narkomaniyaya qarşı mübarizənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “vəzifəsindən, mövqeyindən asılı olmayaraq, narkoticarəti himayə edən hər bir məmur cəzalandırılmalıdır”.

Bayramova bildirib ki, gənclərin narkomaniyadan uzaqlaşması üçün əsas yol onların elmə, kitaba, idmana və sağlam fəaliyyətlərə yönəldilməsidir: “Bununla gənclərimizin öz həyatlarını daha sağlam tərzdə keçirməsinə dəstək ola bilərik. Əgər onları ağıllı işlərə yönəldsək, narkomaniyadan uzaqlaşdıra bilərik”.

O, həm maarifləndirmənin, həm də sərt cəzanın vacib olduğunu qeyd edib: “Həm maarifləndirmə aparılmalı, həm də cəza sərtləşdirilməlidir. Uşaqların və yeniyetmələrin dünyagörüşünü sağlam istiqamətə yönəltmək lazımdır. Kriminal ünsürləri tərifləyən, oğurluğu və həbsxananı normal kimi təqdim edən mədəniyyət məhsullarının qarşısı alınmalıdır. Bu tip təbliğat aparanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Bayramova vurğulayıb ki, narkotik ticarətinə qarşı mübarizə yalnız dövlət qurumlarının vəzifəsi deyil, hər bir vətəndaşın məsuliyyətidir: “Narkotikin qarşısını almaq, ona qarşı mübarizə aparmaq hər birimizin borcudur. Heç kim sığortalanmayıb ki, bu problem sabah onun övladının başına gəlməyəcək. Ona görə də bu “ağ və qara düşmənlə” mübarizədə hər kəs fəal olmalıdır”.

Hüquqşünas qeyd edib ki, mübarizəyə ilk addım narkotik satıcılarını zərərsizləşdirməkdir: “Əsas məsələ sərhəddən başlayır. Ölkə daxilində narkotik istehsalı yoxdur, ona görə də onların xaricdən gətirilməsinin qarşısı alınmalıdır. Narkotik satıcıları məmurlar tərəfindən himayə olunursa, bu, qəbul edilməzdir. Kimliyindən asılı olmayaraq onlara qarşı ciddi tədbir görülməlidir”.

Bayramova əlavə edib ki, narkotiklə mübarizə valideynlərin, ailələrin və hər bir vətəndaşın fəal iştirakı ilə mümkündür: “Bu məsələni gördükdə mütləq aidiyyəti qurumlara məlumat verməliyik. Saxlanılan şəxslərin yenidən sərbəst buraxılması yolverilməzdir. ‘Mənim nə borcuma qalıb?’ deməməliyik”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI


Mənbə: Azərbaycan.media