Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin keçirilməsini tələb edib.
Modern.az-ın məlumatına görə, Tramp “Politico”ya açıqlamasında bildirib: “Düşünürəm ki, vaxtdır. Seçkilərin keçirilməsi üçün vacib zaman yetişib. Onlar müharibədən seçkiləri təxirə salmaq üçün istifadə edirlər, amma Ukrayna xalqının seçim imkanı olmalıdır. Və bəlkə də Zelenski qalib gələcək”.
O əlavə edib ki, Ukraynada prezident seçkiləri uzun müddətdir baş tutmur: “Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma artıq demokratiya olmadığı nöqtəyə çatır”.
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, hərbi vəziyyət dövründə – prezident və parlament seçkiləri də daxil olmaqla – seçkilər dayandırılır. Rusiya işğalından sonra Ukraynada hərbi vəziyyət 2022-ci ilin fevral ayında elan olunub və müntəzəm olaraq uzadılır. Nəticədə 2023-cü ilin oktyabrına təyin edilmiş Ali Rada seçkiləri və 2024-cü ilin martında planlaşdırılan prezident seçkiləri keçirilə bilməyib. Hərbi vəziyyət səbəbindən Rusiyanın hakimiyyəti də Zelenskinin “qanunsuz” olduğunu iddia etmək üçün bu arqumentdən istifadə edir.
Trampın Ağ Evə qayıtmasından sonra Ukraynada seçkilərin yaxın gələcəkdə keçirilə biləcəyi barədə dəfələrlə məlumatlar yayılsa da, hələlik heç biri təsdiqlənməyib. 2025-ci ilin fevral ayında Tramp yenidən Ukraynada prezident seçkiləri çağırışı edib və eyni zamanda Zelenskinin reytinqinin 4% olduğunu iddia edib – bu rəqəm isə heç bir rəsmi sorğu ilə təsdiqlənməyib.
Ukrayna Prezidenti Zelenski isə cavabında bildirib: “Əgər kimsə məni indi əvəz etmək istəyirsə, deməli, indi mümkün deyil”.
