Azərbaycan.media xəbər verir ki, Rusiya quru qoşunlarının keçmiş baş komandanı Vladimir Çirkin ötən həftə mətbuata açıqlamasında Kremlin Ukraynaya müdaxilə strategiyasının uğursuzluğunu açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı Ukrayna cəmiyyətinin böyük hissəsinin – təxminən 70 faizinin – Rusiyanı müdafiə edəcəyini iddia etsə də, reallıq bunun tam əksi olub. Ukraynalılar geniş şəkildə müdaxiləyə qarşı çıxıb və bu günə qədər davam edən müqavimət göstəriblər.
Bu etirafın fonunda ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yumşaq mövqeyi beynəlxalq ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirilir. Politoloq Əli Mustafa saytımıza açıqlamasında bildirib ki, hazırda Trampın məqsədlərini dəqiq müəyyənləşdirmək o qədər də asan deyil:
“Hazırda dünyanın strateqləri və ekspertləri Trampın nə istədiyini anlamağa çalışırlar: o, həqiqətən Rusiyanı müdafiə edir, yoxsa tərəfləri məcbur etmək istəyir ki, sülh sazişi imzalansın?”
Politoloq qeyd edir ki, rus generallarının Ukraynaya hücumun səhv strategiya olduğu barədə açıqlamaları yeni deyil. Onun sözlərinə görə, bu fikri ilk gündən səsləndirən realist hərbçilər olub və zaman göstərib ki, Rusiya nə planlaşdırdığı kimi Ukraynanı ələ keçirə bilib, nə də Ukrayna xalqı Rusiyanı “gül-çiçəklə” qarşılayıb:
“Ukrayna xalqının 70 faizi yox, heç 15 faizi belə Rusiyanın ora girməsinə razı olmayıb. Rusiyanın siyasi rəhbərliyi yanlış məlumatlandırılıb və bu, son dərəcə ciddi məsuliyyət tələb edən məsələdir.”
Əli Mustafa generalın “Rusiya uduzub” fikri ilə də razılaşdığını bildirib:
“Dörd il ərzində Ukraynanın davamlı müqavimət göstərməsi, rus ordusunun son iki ildə faktiki olaraq ərazi irəliləyişi əldə etməməsi, tutduqları əraziləri isə viran qoymaları Rusiyanın strateji uğursuzluğunun bariz göstəricisidir. Rusiya həm nüfuzunu itirib, həm ağır sanksiyalarla üzləşib, həm də beynəlxalq cinayət məhkəməsi tərəfindən təqib altına alınıb.”
Politoloq əlavə edib ki, savaş dayansa belə, Rusiyanın özünə gəlməsi uzun illər çəkəcək və sanksiyalar da böyük ehtimalla davam edəcək. Bu proses həm regionu, həm də Rusiyanın özünü fəlakətli nəticələrlə üz-üzə qoyub.
Trampa gəldikdə, Əli Mustafa onun davranışları barədə cəmiyyətdə üç əsas yanaşmanın olduğunu deyir:
-
Tramp tərəfləri sülhə məcbur etməyə çalışır;
-
Rusiya zəifləməsin deyə ona dolayı dəstək göstərir;
-
Savaşı dayandırıb, Rusiyanın sərvətlərindən ABŞ şirkətlərinin faydalanmasını təmin etmək istəyir.
Politoloq hesab edir ki, Trampın Ukraynaya yardımın dayandırılması barədə səsləndirdiyi fikirlər həm ABŞ daxilində, həm Avropada, həm də Ukraynada ciddi narazılıq doğurub:
“Amerika cəmiyyətinin böyük əksəriyyəti Ukraynanı dəstəkləyir. Trampın bu addımları onun üçün siyasi risk yaradır. ABŞ Konqresində və ictimaiyyətdə etirazlar artmaqdadır. Üstəlik son günlər yayılan stenoqramlar, impiçment mövzusu və digər qalmaqallar onun vəziyyətini daha da çətinləşdirir.”
Əli Mustafa qeyd edir ki, savaş davam etdikcə Qərb Ukraynaya dəstəyini artırır və NATO ölkələrinin XİN rəhbərlərinin son toplantısı da bunu bir daha təsdiqləyir:
“ABŞ rəsmi olaraq neytral görünməyə çalışır, amma bəzi addımlar Trampın Rusiyayönümlü təsir bağışlamasına səbəb olur və bu da beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunur.”
