Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bratislavada rəsmi ziyafətdə çıxışı zamanı Slovakiyanın Qarabağın yenidən qurulmasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı xüsusilə “Ağıllı kənd” layihəsinin Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzi olacağını vurğulayıb.
Prezident qeyd edib ki, hazırda inşası aparılan kənd 851 ev, 10 yaşayış binası, məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət olacaq və bu layihə iki ölkə arasındakı dostluğun bariz nümunəsidir.
İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın bir nömrəli hədəfidir: “Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir. Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır”.
Dövlət başçısı məlumat verib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 400-dən çox insan mina partlayışları nəticəsində həyatını itirib və ya ağır yaralanıb: “Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur”.
