Azərbaycan.media xəbər verir ki, Şəki rayonunun Aşağı Şabalıd kəndinə gedən yol uzun illərdir təmir olunmadığından yararsız vəziyyətə düşüb. Bu barədə məlumatı kənd sakinləri “Report”un Şimal-qərb bürosuna bildiriblər.
Sakinlərin sözlərinə görə, Zunud kəndinin girişindən başlayan və 4 kilometr uzunluğu olan yol hələ də asfaltlanmayıb. Daşlı-kəsəkli yol boyunca yaranan çalalar nəqliyyatın hərəkətini çətinləşdirir. Vəziyyət o qədər pisləşib ki, taksi sürücüləri və digər nəqliyyat vasitələrinin sahibləri Aşağı Şabalıd istiqamətində maşın sürməkdən imtina edirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, Aşağı Şabalıd kənd yolunun yenidən qurulması planlaşdırılır:
“Bununla bağlı dövlət investisiya proqramına daxil edilməsi üçün Agentlik tərəfindən müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Maliyyə vəsaiti ayrıldıqdan sonra yolun yenidənqurma işləri həyata keçiriləcək”.
