Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 10-da arabir leysan xarakterli yağış yağacağı, bəzi ərazilərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimal edilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6–9, gündüz 10–12 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 766 mm civə sütunundan 761 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 85–95 faiz təşkil edəcəyi bildirilir.
Azərbaycanın rayonlarında da hava şəraitinin dəyişkən olacağı, bəzi yerlərdə arabir yağıntıların müşahidə ediləcəyi, dağlıq ərazilərdə qar yağacağı qeyd olunur. Ayrı-ayrı bölgələrdə leysan xarakterli intensiv yağıntıların, xüsusilə şərq rayonlarında yağıntının bir qədər güclənəcəyinin mümkün olduğu bildirilib. Bəzi yerlərdə arabir duman gözlənilir. Qərb küləyi isə müəyyən rayonlarda arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 2–7, gündüz 10–13 dərəcə isti, dağlarda isə gecə 0–5 dərəcə şaxta, gündüz 0–5 dərəcə isti olacaq.
