Həsən bəy Zərdabinin heykəlinin köçürülməsi təklifi müzakirə olunur: “Anar müəllimin narahatlığı başadüşüləndir”

Azərbaycan.media xəbər verir ki, Xalq yazıçısı Anar Rzayev Milli Məclisdə keçirilən konfransda İçərişəhərdə yerləşən Həsən bəy Zərdabinin heykəlinin başqa məkana köçürülməsini təklif edib. O bildirib ki, Milli Ensiklopediyanın keçmiş binasının birinci mərtəbəsi hazırda restoran kimi fəaliyyət göstərir və heykəl restoranın qarşısında “qapıçı” kimi görünür. Yazıçı heykəlin Pedaqoji Universitetin bağına yerləşdirilməsinin daha uyğun olduğunu vurğulayıb.

Məsələyə münasibət bildirən Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Sherg.az-a açıqlamasında Anarın mövqeyini haqlı sayıb.

Onun sözlərinə görə, xalq yazıçısı bu mövzuya dəfələrlə diqqət çəkib və məsələ yenidən yüksək səviyyədə gündəmə gətirildikdən sonra geniş reaksiyaya səbəb olub:

“Vaxtilə Milli Ensiklopediyanın binası çox gözəl idi və həmin binanın qarşısında Həsən bəy Zərdabinin heykəlinin yerləşdirilməsi barədə məlumat Müsəllim Həsənovun araşdırmalarında qeyd olunub. Ensiklopediyanın yeni binası istifadəyə veriləndən sonra köhnə binada restoran fəaliyyət göstərdiyinə görə heykəlin indiki görünüşü uyğun deyil. Anar müəllimin narahatlığı başadüşüləndir. Əlbəttə, arzulayardıq ki, Azərbaycan mətbuatının banisinin heykəli daha gözəgəlimli və daha sanballı bir məkanda olsun. İnanıram ki, bu məsələ həllini tapacaq”.

Qeyd edək ki, milli mətbuatın banisi, “Əkinçi” qəzetinin yaradıcısı, maarifçi Həsən bəy Zərdabinin heykəli 1979-cu ildə İçərişəhərdə, Böyük Qala küçəsi 41 ünvanında ucaldılıb. Heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Bürüncdən hazırlanmış heykəlin ümumi hündürlüyü 4 metrdir.