Azərbaycan.media xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın müəllifi olduğu “Aşıq Ələsgər yaradıcılığında sufizm” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasında oxucuların istifadəsinə verilib.
Nəşr AMEA Folklor İnstitutu Elmi Şurasının 22 iyun 2023-cü il tarixli qərarı (protokol № 4) əsasında çap olunub.
Kitabda Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığında sufizm mövzusu araşdırılır. Əsər Aşıq Ələsgərin poetikasının tədqiqində yeni mərhələ hesab olunur. Tədqiqatda sufizmin dörd mərhələsi – şəriət, təriqət, mərifət, həqiqət, həmçinin irfan anlayışları, “vəhdəti-vücud” fəlsəfəsi, kamil insan konsepsiyası, simvol və işarələr sistemi, Hz. Əli aşiqliyi və onun ilahiləşdirilmiş obrazı kimi mövzular geniş şəkildə şərh edilir. Folklor, din və mifologiya ilə bağlı məcazi ifadələr də nəzəri əsaslarla izah olunub.
Nəşr filologiya və dini fəlsəfə sahəsinə maraq göstərən oxucular üçün hazırlanıb.
Kitabın ön sözünün müəllifi və elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri akademik Teymur Kərimli və tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, redaktoru isə yazıçı Şərif Ağayardır.
