Bərdədə qida zəhərlənməsi iddiaları: Xəstəxana və AQTA-dan rəsmi açıqlama

Azərbaycan.media xəbər verir ki, Bərdədə bir ailənin dörd üzvü xəstəxanaya yerləşdirilib. “Qafqazinfo”nun məlumatına görə, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı Elza Əliyeva, oğlu Şəmistan Əliyev və onun arvadı Təhminə Əliyeva Xanərəb kəndindən xəstəxanaya gətiriliblər. Onlara ilkin olaraq qidadan — xüsusilə pomidor turşusundan — zəhərlənmə diaqnozu qoyulduğu bildirilib. Təhminə Əliyevanın vəziyyətinin ağır olduğu qeyd edilib.

Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, həmin şəxslər saat 06:30 radələrində qusma, ürəkbulanma və dispepsiya şikayətləri ilə xəstəxanaya daxil olublar. Onlara “dəqiqləşdirilməmiş qida zəhərlənməsi” diaqnozu qoyulub, tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğuna görə ambulator müalicə üçün evə buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə yayılan məlumatın təsdiqini tapmadığını açıqlayıb. Qurumdan verilən rəsmi açıqlamada qeyd olunur ki, xəstəxananın təqdim etdiyi məlumatda həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub:

“Bir daha bildiririk ki, qida zəhərlənmələri ilə bağlı informasiyalar yalnız aidiyyəti dövlət qurumlarının təsdiqlədiyi rəsmi məlumatlara əsaslanmalıdır.”