Azərbaycan.media xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Starə Tarixazər Şabran rayonunun Əmirxanlı qəsəbəsi yaxınlığında, Dəvəçiçay çayının sahilində baş verən sürüşmə prosesləri üzrə monitorinq aparıb.
İnstitutdan verilən məlumata görə, aktiv sürüşmələr artıq bir neçə yaşayış tikilisini dağıdıb, bəzi evlər isə ciddi uçma təhlükəsi ilə üz-üzə qalıb.
Monitorinq göstərib ki, vadinin quruluşu, sürüşmələrin yayılma xüsusiyyətləri və inkişaf şəraiti bu proseslərin Dəvəçiçayın aşağı axınında hələ də davam etdiyini təsdiqləyir. Zədələnmiş sahələr çay boyunca uzanaraq bəzi yerlərdə onun subasar ərazilərini və birinci terraslarını əhatə edir. Yeraltı suların qalxması və daşqınlarla müşayiət olunan nəmlənmə sürüşmələri daha da aktivləşdirir.
