Azərbaycan.media xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin vətəndaşlara hansı qaydada təqdim edildiyini açıqlayıb.
Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev TƏBİB və Agentliyin birgə təşkil etdiyi “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də bildirib ki, vətəndaş tibb müəssisəsinə müraciət etdikdən sonra qeydiyyatçı tərəfindən müvafiq ixtisaslı həkimin qəbuluna yönəldilir.
Onun sözlərinə görə, həkim müayinədən sonra diaqnoz qoyur və zəruri hallarda “e-resept” sistemi üzərindən icbari tibbi sığorta ilə qarşılanan dərman üçün resept yazır. Vətəndaş həmin reseptlə Agentliklə müqaviləsi olan aptekə müraciət edir, şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra dərmanı sığorta hesabına əldə edir.
Eyni zamanda, aptek tərəfindən məlumat bazasında qeydiyyat aparılır, təqdim olunan hesabatların ekspertizası həyata keçirilir və İcbari Tibbi Sığorta Fondu tərəfindən müvafiq ödənişlər edilir.
