Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və MÜSİAD Azərbaycanın təşəbbüsü ilə iki ölkə arasında iqtisadi əməkdaşlığın təbliğini hədəfləyən genişmiqyaslı media layihəsinə start verilir.
MÜSİAD Azərbaycanının məlumatına görə, hazırda Azərbaycan və Türkiyə iş dünyası arasında əlaqələr yeni strateji mərhələyə qədəm qoyur. Yeni layihə bu əməkdaşlığın daha geniş miqyasda təqdim olunmasına xidmət edəcək.
Layihə çərçivəsində Azərbaycanda uğurlu fəaliyyəti ilə seçilən türkiyəli iş adamlarının iş və həyat təcrübələri geniş auditoriyaya təqdim olunacaq. Eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media resurslarında bu iş adamlarının biznes strategiyaları, məqsədləri və regional iqtisadiyyata töhfələri nümayiş etdiriləcək.
Media layihəsi dünya üzrə yayımlanaraq Azərbaycanın qlobal iqtisadi informasiya platforması kimi tanınmasına töhfə verəcək. Bu məqsədlə Biznestürk TV-nin yeni YouTube kanalı fəaliyyətə başlayır.
Layihə çərçivəsində çəkilişlər, müsahibələr və reportajlar vasitəsilə Azərbaycanda mövcud stabillik, şəffaf qanunvericilik, biznesə dövlət dəstəyi və əlverişli iş mühiti beynəlxalq ictimaiyyətə çatdırılacaq. Bakıdan regionlara qədər sənaye zonaları, logistika imkanları, nəqliyyat xətləri və “yaşıl enerji” siyasətinin yaratdığı perspektivlər də investorların dili ilə dünyaya təqdim olunacaq.
Təşəbbüs həmçinin mədəni və sosial inteqrasiyaya dəstək verərək Türkiyə–Azərbaycan dostluğunun media arxivinə çevriləcək.
Layihəni Azərbaycanın ən böyük media platformalarından biri olan Modern Media Qrup icra edəcək. Media layihəsinin ilk qonağı ZİVELLA şirkətinin sahibi Abdurrahman Uzn olacaq.
