Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma gözlənilir

Azərbaycan.media xəbər verir ki, bayram mövsümündən sonra bazarda çərəzlərin qiymətində müəyyən ucuzlaşma müşahidə oluna bilər.

İqtisadçı Akif Nəsirli “Yeni Sabah”a açıqlamasında bildirib ki, bayram ərəfəsində çərəz qiymətlərinin artması inhisarçı bazar şəraitinin və təbii iqtisadi proseslərin nəticəsidir. Onun sözlərinə görə, çərəzlərin əsas hissəsi ya idxal olunur, ya da xüsusi istehsal tələb edir və buna görə də qiymətləri ümumilikdə yüksək olur.

Bayram öncəsi tələbin kəskin artmasının qiymətləri yüksəltdiyini deyən ekspert əlavə edib ki, insanlar süfrələrini zənginləşdirmək üçün daha çox çərəz aldıqda bazarda təklif-tələb tarazlığı pozulur və bu da qiymət artımına səbəb olur.

Akif Nəsirli vurğulayıb ki, Antep fıstığı, qoz, badam kimi əsas çərəzlərin dünya bazarlarında bahalaşması Azərbaycanda da qiymətlərin artmasına təsir edir. Bundan əlavə, nəqliyyat, qablaşdırma xərcləri və valyuta məzənnəsi də son qiymətə birbaşa təsir göstərir.

Ekspert qeyd edib ki, bayram mövsümü başa çatdıqdan sonra bazarda bəzi çərəz növlərinin qiymətində müəyyən enmə gözlənilsə də, premium kateqoriyaya aid bahalı çərəzlər ucuzlaşmaya o qədər də məruz qalmayacaq.

Qeyd edək ki, hazırda bazarda çərəzlərin qiymətləri belədir: fındıq ləpəsi – 13-17 AZN/kq, qoz – 7-20 AZN/kq, badam – 7.5-14.2 AZN/kq.