Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Bakıda Azərbaycan–Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini və gündəliyin olduqca geniş olduğunu bildirib. Prezident bu prosesi ölkələr arasında sıx əməkdaşlığın təzahürü kimi qiymətləndirib.
İlham Əliyev son illərdə ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini, bunun isə yüksək səviyyəli qarşılıqlı səfərlərin nəticəsi olduğunu vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərilən dəstəyə görə Qırğızıstan Prezidentinə və xalqına təşəkkür edib, Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına məktəbin inşasını xüsusi qeyd edib. Prezident, həmçinin Qırğızıstan tərəfindən işğaldan azad edilmiş ərazilərə göndərilən 200 baş iribuynuzlu heyvanı da iki ölkə dostluğunun göstəricisi kimi qiymətləndirib.
Siyasi və iqtisadi əməkdaşlığın geniş gündəliyinə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondu artıq ilk layihələrin maliyyələşdirilməsinə başlayıb və fondun fəaliyyəti genişlənməkdədir. O, həmçinin Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına daxil olmasına dəstək verdiyi üçün Qırğızıstana təşəkkür edib.
Görüşdə Çingiz Aytmatovun Bakıda abidəsinin, Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziyanın və Qırğızıstan–Azərbaycan Dostluq Parkının açılışları xatırlanıb, İssık-Kul gölünün sahilində mehmanxana tikintisi üzrə sazişin əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyətinin rəhbəri Bakıt Torobayev Prezident Sadır Japarovun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamları məmnunluqla qəbul edərək öz salamlarını da Qırğızıstan Prezidentinə çatdırmağı xahiş edib. Torobayev ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib və Bakı–Bişkek birbaşa aviareyslərinin artırılmasının vacibliyini qeyd edib. O, həmçinin Qırğızıstanın Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiyini deyib.
Görüşdə energetika, nəqliyyat, investisiya, humanitar əlaqələr, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.




