Ermənistanda “Moldova ssenarisi”nin tətbiqi planlaşdırılır – AB 12 milyon avro ayırıb

Azərbaycan.media xəbər verir ki, Ermənistan hakimiyyəti qarşıdan gələn parlament seçkilərində “Moldova ssenarisi”ndən istifadə etməyi nəzərdə tutur. Bu barədə Publika.az Teleqraf-a istinadən erməni politoloq Suren Surenyants məlumat verib.

Ekspertin fikrincə, Avropa Birliyi (AB) bu məqsəd üçün İrəvana 12 milyon avro ayırır və bununla Ermənistan hakimiyyətinin səylərini açıq şəkildə təşviq edir:

“Bu hadisələr bir-biri ilə sıx bağlıdır və bir-birinin məntiqi davamıdır. Ermənistan hakimiyyəti AB-nin dəstəyi ilə Moldovada keçirilən son parlament seçkilərində uğurla tətbiq olunan modeli burada həyata keçirməyə hazırlaşır. Bu, şərti olaraq ‘Moldova ssenarisi’ adlandırılan Avropa ssenarisidir”, – deyə Surenyants bildirib.

Politoloq iddia edib ki, bu addım həm Ermənistan hakimiyyəti, həm də AB bürokratiyası tərəfindən Rusiyaya qarşı yönəldilmiş hərəkətdir. Onun sözlərinə görə, AB əvvəllər Rumıniyada müxalifətin neytrallaşdırılması ssenarisinin daha sərt variantını tətbiq edib; Konstitusiya Məhkəməsi seçkilərin birinci turunda lider olan namizəd Kelina Georqeskunu kampaniyadan kənarlaşdırıb.

“Moldovada isə daha yumşaq, ‘süzgəcdən keçirmə’ üsulundan istifadə olunub. Burada hibrid müharibə və ya Rusiya izinə dair şübhələr əsas gətirilərək müxalifət partiyası seçkilərə yalnız bir-iki gün qalmış süzgəcdən keçirilib və səsvermədə iştirakına qadağa qoyulub. İndi gözlənilən 12 milyon avro müqabilində Ermənistan da bu ssenaridə iştirak etməyə hazırdır”, – deyə politoloq əlavə edib.