Bakıda piyadanın ölümü ilə nəticələnən qəza işi üzrə bəraət qərarı verildi

Azərbaycan.media xəbər verir ki, Bakıda Ayna Sultanova heykəlinin yaxınlığında baş verən və bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi “Mercedes-Benz C250” markalı, 99-GC-949 nömrəli avtomobillə Atatürk prospekti ilə “Gənclik” istiqamətində hərəkət edərkən piyadanı vurub. Ağır xəsarətlər alan piyada – Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan yol hərəkəti qaydalarının pozulması) ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılıb. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib və digər avtomobilin qarşısından qəfil qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmadan yayınma imkanı olmayıb.

Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğuna qərar verib və onun barəsində bəraət hökmü çıxarılıb.