Azərbaycan.media xəbər verir ki, “S&P Global Ratings” Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Hesabata əsasən, ölkə manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlamağı davam etdirəcək.
Agentlik bildirir ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqeyi manatın sabitliyini dəstəkləyən əsas amillərdir. 2025-ci il 31 oktyabr tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 milyard dollara yüksələrək təxminən dörd aylıq cari ödənişlərə bərabər bufer formalaşdırıb. Eyni zamanda qeyd olunur ki, iqtisadiyyatın karbohidrogen gəlirlərindən asılılığı səbəbindən uzunmüddətli ucuz neft qiymətləri fonunda idarəolunan məzənnə dəyişikliyi istisna edilmir.
Mövcud məzənnə rejimi inflyasiyanın sabitləşməsinə müsbət təsir göstərsə də, Mərkəzi Bankın monetar siyasət imkanlarını məhdudlaşdırır. “S&P” xatırladır ki, pandemiyadan əvvəl 55% olan depozit dollarlaşması hazırda 29%-ə düşüb. Bu isə manat depozitlərinə daha yüksək faizlərin verilməsi və məzənnə sabitliyi ilə əlaqələndirilir. Bununla belə, dollarlaşmanın etibara həssas olması səbəbindən valyuta təzyiqi yaranacağı təqdirdə əhalinin sürətli şəkildə xarici valyutaya keçidi mümkündür.
Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş islahatlar həyata keçirir. Basel III standartlarının mərhələli tətbiqi, riskə əsaslanan nəzarət modelinin pilot sınaqları, idarəetmə və makroprudensial nəzarətin gücləndirilməsi bank tənzimləməsinin beynəlxalq təcrübəyə yaxınlaşmasına xidmət edir.
S&P-nin qiymətləndirməsinə görə, bank sektoru genişlənən depozit bazası hesabına sabit maliyyələşmə profili nümayiş etdirir. Depozit dollarlaşması regional orta göstəricilərə yaxınlaşsa da, kredit dollarlaşması ilə müqayisədə hələ də xeyli yüksəkdir ki, bu da bank balanslarında xarici valyutada öhdəliklərlə əsasən manatla olan aktivlər arasında struktur uyğunsuzluq yaradır.
