Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində yanğın təhlükəli obyektin fəaliyyəti Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılıb. Bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilib.
Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıtın Yəhya Məmmədov küçəsində Sadıqov Cəlil Alim oğluna məxsus oksigen balonlarının doldurulması sexində yoxlama keçirib. Yoxlama nəticəsində obyektin fəaliyyətində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı ciddi nöqsanların olduğu müəyyən edilib. Bu nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə və dövlət əmlakına birbaşa təhlükə yaratdığı qeyd olunub.
Aşkar edilən əsas pozuntular bunlardır:
-
Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi quraşdırılmayıb;
-
İlkin yanğınsöndürmə vasitələri təmin edilməyib;
-
Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”na uyğun deyil;
-
Taxta konstruksiyalar odadavamlı məhlulla işlənməyib;
-
“Yanğın təhlükəsizliyi Qaydaları”na zidd olaraq sıxılmış və mayeləşdirilmiş qazla dolu oksigen balonları saxlanılır;
-
Obyektin ərazisi quru ot və kol-kosdan təmizlənməyib.
Aşkarlanan ciddi pozuntular nəzərə alınaraq, obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.
