Xəzər və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi genişləndirilib – Yeni proqram hazırlanır

Azərbaycan.media xəbər verir ki, bu il həm Xəzər dənizində, həm də ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi elmi əsaslarla aparılıb. Bu barədə BAKU.WS-ə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev məlumat verib.

Onun sözlərinə görə, qiymətləndirmə prosesi Türkiyədən olan mütəxəssislər və AMEA Zoologiya İnstitutunun əməkdaşları ilə birgə həyata keçirilib. Aparılan araşdırmaların nəticələrinə əsasən, növbəti illərdə ehtiyatların bərpası üçün balıq buraxılışlarının sayı müəyyən edilib, eləcə də kvota hədləri təsdiqlənib.

Ceyhun Əliyev bildirib ki, proses zamanı bir sıra vacib məqamlar üzə çıxıb:
“Bəzi balıq növlərinin nəzarətsiz artması müşahidə olundu. Eyni zamanda, xüsusilə çəkikimilərin sayında azalma qeydə alındı”.

Direktor qeyd edib ki, ehtiyatların mərhələli şəkildə bərpası üçün, xüsusilə daxili sularda – Kür-Araz hövzəsində və ona bağlı dağ çaylarında çəkikimilərin bərpasını nəzərdə tutan yeni proqram hazırlanacaq. Mərkəzin tabeliyində olan təsərrüfatlar da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.