Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yuxulu və yorğun vəziyyətdə sükan arxasına keçməyin ağır nəticələrə səbəb olduğunu bildirib.
Qurumdan verilən məlumata görə, aparılan təhlillər qəzalara, xüsusilə nəqliyyat vasitələrinin yoldan çıxması, aşması və yolkənarı maneələrə çırpılması ilə nəticələnən hadisələrə əsas səbəbin sürücülərin yuxusuz və yorğun halda idarəetməyə başlaması olduğunu göstərir. Bildirilib ki, belə vəziyyətlərdə sürücünün diqqəti xeyli zəifləyir, reaksiya qabiliyyəti aşağı düşür və bu da qəza riskini kəskin artırır.
Son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində işləyən şəxslərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə düzgün əməl olunmaması da qəza hallarını artıran əsas amillərdən biri kimi göstərilir. Səhər tezdən yuxusuz halda yola çıxmaq və uzun məsafələri fasiləsiz qət etmək sürücünün yuxulama ehtimalını yüksəldir ki, bu da ağır nəticəli yol-nəqliyyat hadisələrinə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə xəbərdarlıq edərək bildirir ki, işçilərin daşınması zamanı yalnız saz və təhlükəsizlik tələblərinə uyğun nəqliyyat vasitələrindən istifadə edilməli, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət olunmalıdır. Yorğun və yuxusuz sürücülərin işə cəlb edilməsi isə qətiyyən yolverilməzdir.
Qurum xatırladır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir.
