Qazaxıstanlı tələbələr LDU-da təhsil təcrübələrindən məmnundurlar

Qazaxıstanlı tələbələr LDU-da təhsil təcrübələrindən məmnundurlar

Azərbaycan.media xəbər verir ki, son illər Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Bu əməkdaşlıqlar çərçivəsində müxtəlif ölkələrdən tələbələr akademik mübadilə proqramları vasitəsilə yerli universitetlərdə təhsil alırlar. “Azərbaycan müəllimi”nin hazırladığı reportajda Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universiteti ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında qurulan əməkdaşlıq nəticəsində ölkəmizə gələn iki qazaxıstanlı tələbənin təcrübələrindən bəhs olunur.

Qazaxıstanlı tələbələr Fəridə Sauribay Erbolqızı və Səltənət Xamidulla akademik mübadilə proqramı çərçivəsində LDU-da təhsil alır. Onların sözlərinə görə, Lənkəran onlar üçün təkcə tədris mühiti deyil, həm də yeni bir həyat məktəbidir. Şəhərin yaşıllığı, insanların səmimiyyəti və universitetin akademik atmosferi onların həm bilik, həm də mənəvi zənginlik qazanmasına səbəb olub.

“Yeni mədəniyyətlə tanış olmaq həmişə arzum olub”

Atırau Universitetinin “Xarici dil” ixtisası üzrə tələbəsi olan 2006-cı il təvəllüdlü Fəridə Sauribay deyir ki, Azərbaycana gəlmək onun üçün cəsarətli, eyni zamanda böyük fürsət olub. LDU-dakı dərslərin 90 dəqiqə davam etməsi ona ilk günlər bir qədər çətin görünsə də, müəllim və tələbələrin dəstəyi qısa zamanda uyğunlaşmağı asanlaşdırıb. O, Lənkəranın təbiətinə, insanların ailə dəyərlərinə və yerli mədəniyyətə heyran olduğunu bildirir.

Səltənət: “Lənkəranda Azərbaycanın əsl mədəniyyətini hiss edirsən”

2003-cü ildə Atırauda anadan olmuş magistrant Səltənət Xamidulla isə qazax, rus, ingilis, türk və bir qədər koreya dillərini bildiyini, hazırda isə Azərbaycan dilini öyrəndiyini deyir. O da dərs müddətlərinin fərqli olması və qrup sayının azlığı kimi xüsusiyyətlərin təhsili daha interaktiv etdiyini vurğulayır. Səltənət Lənkəranı “sakit, yaşıllıq içində və səmimiyyətlə dolu bir şəhər” adlandırır.

Hər iki tələbə qeyd edir ki, Lənkəranda yaşamaq onlara müstəqillik, fərqli mədəniyyətlərə hörmət və daha geniş dünya görüşü qazandırıb. Buradakı səmimi münasibət, müəllimlərin diqqəti və tələbələrin dəstəyi onların təcrübəsini daha da zənginləşdirib.

Qazaxıstanlı tələbələr Lənkəranın “isti iqlimdən çox, isti ürəklərə malik bir məkan” olduğunu bildirirlər. Bu hekayələr göstərir ki, LDU həm yerli, həm də xarici tələbələr üçün cəlbedici və zəngin təhsil mühitinə çevrilib.

Nilufər Hacılı / Lənkəran-Astara üzrə regional təmsilçi

Mənbə: Azərbaycan.media