Azərbaycan ədəbiyyatının parlaq simalarından, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş möhtəşəm bir elmi toplantıda – Bakı Dövlət Universitetində təşkil edilən “Azərbaycanda elm, təhsil və mədəniyyətin inteqrasiyalı inkişafında informasiya mühitinin rolu” adlı Respublika konfransında çıxış etmək mənim üçün həm böyük şərəf, həm də dərin məsuliyyət idi.
Bu konfrans, yalnız bir yubiley tədbiri deyildi. Burada Zəlimxan Yaqubun yaradıcılığının milli yaddaşımızda tutduğu mövqeyə, onun poeziyasının elm, təhsil və mədəniyyət müstəvisində yaratdığı sinerjiyə nəzər salındı. Mənim çıxışımda vurğuladığım əsas məqam ondan ibarət idi ki, informasiya mühiti bu gün milli ədəbiyyatın, elmin və təhsilin inteqrasiyalı inkişafında körpü rolunu oynayır. Zəlimxan Yaqub kimi söz ustadlarının irsi isə həmin mühitin mənəvi dayağıdır.
Ədəbiyyatşünas baxış bucağından qeyd etdim ki, Zəlimxan Yaqubun poetik irsi yalnız bədii-estetik dəyər daşımır, həm də milli kimliyimizin, mənəvi bütövlüyümüzün qorunmasında mühüm missiya yerinə yetirir. Onun poeziyası informasiya əsrində milli sözün gücünü, xalq yaddaşının canlılığını sübut edən bir fenomen kimi çıxış edir.
Millət vəkili olaraq isə əlavə etdim ki, bu cür elmi konfranslar dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin və intellektual potensialın bir araya gətirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Elm, təhsil və mədəniyyətin informasiya mühitində birləşməsi Azərbaycanın gələcək inkişaf yolunun əsas istiqamətlərindən biridir.
Hörmətlə,
Elnarə Akimova
Ədəbiyyatşünas-alim,
Millət vəkili
Mənbə: Azərbaycan.media

