Azərbaycan.media xəbər verir ki, Xankəndidə fəaliyyət göstərən MMC-lərdən biri 12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan əmək fəaliyyətinə cəlb etdiyi üçün cərimələnib.
Lent.az-ın məlumatına görə, MMC-nin icraçı direktoru Günel Əlizadə yazılı izahatında həmin şəxslərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını bildirib. Əcnəbilərin hər biri də faktı öz izahatlarında təsdiq edib.
Miqrasiya Məcəlləsinin 63.4-cü maddəsinə əsasən, əcnəbilərin hüquqi şəxslər və ya sahibkarlar tərəfindən işə cəlb olunması üçün əvvəlcədən iş icazəsi alınmalıdır. Lakin sözügedən 12 Türkiyə vətəndaşı üçün belə icazə rəsmiləşdirilməyib.
Bu səbəbdən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi üzrə protokol tərtib olunub. Xankəndi şəhər Məhkəməsinin qərarı ilə şirkətə 30 min manat məbləğində cərimə tətbiq edilib.
