DİM 8-ci sinif və yuxarı şagirdlər üçün “Peşə seçimi” alətini təqdim edir

Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) 8-ci və yuxarı sinif şagirdlərinə “Peşə seçimi” alətindən istifadə imkanını təqdim edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, “Peşə seçimi” diaqnostik platforması şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edir. Alət üç əsas istiqaməti əhatə edir: təfəkkür növləri üzrə testi, şəxsi xüsusiyyətlər testi və peşə maraqları testi. Testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq olunub və səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının elektron poçt ünvanına avtomatik göndərilir.

İlk imtahan 10 dekabrda DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq. Qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.