Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb.
QSC-nin sədr müavini Arif Ağayev APA-nın Naxçıvan bürosuna açıqlamasında bildirib ki, hazırda Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib. Layihə 188 km-lik dəmiryol xəttini əhatə edir və məqsəd müasir tələblərə cavab verən yeni dəmiryolu şəbəkəsinin yaradılmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Arif Ağayev qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) razılaşması çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda əsas marşrutlardan birini təşkil edəcək və Şimal-Cənub dəhlizinin mühüm halqalarından olacaq.
