FHN havaların soyuması ilə bağlı əhaliyə təhlükəsizlik qaydalarını xatırladıb

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) qış fəslinin gəlişi və havaların soyuması ilə bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini diqqətə çatdırıb.

Müraciətdə qeyd olunur ki, elektrik və qaz qızdırıcı cihazlarına tələbatın artması, nasaz və standartlara uyğun olmayan qurğuların istifadəsi, şəbəkənin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış riskini artırır. FHN bildirir ki, təhlükəsizlik qaydalarına əməl etməyən vətəndaşlar ciddi insan itkisi və əmlaka ziyanla üzləşə bilərlər.

FHN əhaliyə aşağıdakı tövsiyələri verib:

  • Nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə etməmək;

  • Elektrik və qaz təsərrüfatını daim saz vəziyyətdə saxlamaq;

  • Quraşdırma və təmir işlərini yalnız mütəxəssisə həvalə etmək;

  • Elektrik xətləri və uzadıcıları həddindən artıq yükləməmək;

  • Elektrik cihazlarını şarj edərkən nəzarətsiz saxlamamaq;

  • Uşaqların elektrik və qaz cihazlarından istifadə etməsinə icazə verməmək;

  • Tezalışan yanar maddələri mənzil daxilində, eyvan və pilləkən qəfəslərində saxlamağaq;

  • Mənzili tərk edərkən elektrik və qaz cihazlarını söndürmək;

  • Mənzilə daxil olanda qaz sızmasının olmadığından əmin olmadan işıq yandırmamaq və cihazlardan istifadə etməmək; qaz iyi hiss edildikdə dərhal qapı-pəncərələri açmaq və mütəxəssis çağırmaq;

  • Tam söndürülməmiş kibrit və siqaret kötüklərini zibil qutusuna və ya eyvandan atmaqdan çəkinmək.

Yanğın zamanı təhlükəsizlik üçün FHN tövsiyə edir ki, ağız və burnu nəm parça ilə tutaraq əyilərək və ya sürünərək hərəkət edin, qapı boşluqlarını nəm əski ilə bağlayın, mənzili tərk etmək mümkün deyilsə eyvanda və ya pəncərədə dayanıb xilasediciləri gözləyin, çoxmərtəbəli binalarda isə digər sakinlər gələnədək mənzili tərk etməsin və liftdən istifadə etməsin.

FHN xatırladır ki, qaydaların pozulması həyat üçün təhlükədir və fövqəladə vəziyyət zamanı 112 nömrəsinə zəng vurmaq lazımdır.