Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov AİB ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya layihəsinin təqdimatında ölkənin dəmir yolu şəbəkəsində aparılan modernləşmə, rəqəmsallaşma və “yaşıl” transformasiya barədə məlumat verib.
Rövşən Rüstəmov bildirib ki, hazırda dəmir yolu şəbəkəsinin təxminən 63%-i elektrikləşdirilib və ötən il yük daşımalarının 80%-dən çoxu elektrik dartısı ilə həyata keçirilib.
Onun sözlərinə görə, Biləcəri və Gəncə deposunda quraşdırılmış 650-dən çox günəş paneli hər il 132 min kVt-saatdan artıq təmiz enerji istehsal edir ki, bu da əvvəlki ilin göstəricisindən təxminən 70% çoxdur.
ADY sədri vurğulayıb ki, dekarbonizasiyanın əsas istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində də ciddi irəliləyiş əldə olunub:
-
İş prosesləri ağıllı və inteqrasiya olunmuş rəqəmsal alətlər vasitəsilə yenidən qurulur;
-
AİB ilə əməkdaşlıq aktivlərin idarə edilməsi, məlumatların işlənməsi və hərəkətin təşkili üzrə qabaqcıl həllərin tətbiqinə imkan yaradır;
-
Yük əməliyyatlarında tam elektron sənəd dövriyyəsi ekosistemi formalaşdırılıb;
-
Sərnişinlər üçün onlayn bilet satışı, rəqəmsal identifikasiya və əsas xəttlərdə “ağıllı turniket” sistemləri tətbiq olunur.
Rövşən Rüstəmov bildirib ki, həyata keçirilən ekoloji, texniki və rəqəmsal addımlar ADY-nin müasir və dayanıqlı dəmir yolu sistemi yaratmaq üçün real iradə və təcrübəyə malik olduğunu göstərir:
“Uzunmüddətli baxışımız aydındır — biz karbon-neytral dəmir yolu sisteminə doğru davamlı şəkildə irəliləmək istəyirik”.
Onun sözlərinə görə, bu gündən başlayan texniki və iqtisadi əsaslandırmalar iqlim-müsbət tədbirlərin ən effektiv tətbiq edilə biləcəyi sahələri müəyyənləşdirəcək və ADY-nin bərpa olunan enerji, enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi və emissiyaların azaldılması üzrə dəkarbonizasiya yol xəritəsinin hazırlanmasına töhfə verəcək.
ADY rəhbəri əlavə edib ki, AİB və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq milli dəmir yolu sisteminin modernləşməsi, dəhlizlərin inkişafı və iddialı iqlim hədəflərinin vahid strateji çərçivədə birləşdirilməsinə nümunə olacaq.
