Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində Azərbaycan xalqının son iki əsrdə üzləşdiyi məhrumiyyətlər, deportasiyalar və soyqırımları barədə danışıb.
Müraciətdə qeyd olunur ki, Azərbaycanın əzəli torpaqlarına ermənilərin köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı ardıcıl şəkildə qırğınlar və qanunsuz köçürmələr həyata keçirilib. Bu proseslər nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək Azərbaycana sığınıb.
Prezident vurğulayıb ki, Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimli ərazilərə zorla köçürülməsi, onların illərlə yaratdığı mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə təsdiqlənən tarixi faktlardır.
Müraciətdə bildirilir ki, Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, inanc yerlərini və qəbiristanlıqları məqsədli şəkildə məhv edərək öz ərazisindən Azərbaycan xalqına aid izləri silməyə çalışıb.
Prezident İlham Əliyev beynəlxalq hüquq müstəvisində bu insanlıq əleyhinə cinayətlərin qiymətləndirilməsi istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayıb və beynəlxalq ictimaiyyəti bu prosesdə Azərbaycana dəstək göstərməyə çağırıb.
