Azərbaycan.media xəbər verir ki, qlobal miqyasda sürətlənən texnoloji transformasiya, əmək bazarında dəyişən əməkdaşlıq modelləri və yaşıl iqtisadiyyata keçid bacarıqları inkişafın əsas valyutasına çevirir. Bu şəraitdə ölkələr gələcəyin əmək bazarına uyğun insan kapitalının formalaşdırılmasına daha çox sərmayə yatırırlar.
Dünya İqtisadi Forumunun İdarə Heyətinin üzvü və icraçı direktoru Saadia Zahidi bildirib ki, Azərbaycan bu istiqamətdə mühüm addımlar ataraq Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində Yeni İqtisadiyyat Sürətləndiriciləri proqramına qoşulub. Bu ay başlanan proses uzunmüddətli və sistemli bacarıq transformasiyasını hədəfləyir.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatını daha diversifikasiya olunmuş və bilik əsaslı modelə keçirməyi sürətləndirərkən insan kapitalını əsas strateji xətt kimi müəyyənləşdirib. İqtisadiyyat və Təhsil nazirliklərinin rəhbərliyi, “4SİM/C4IR Azerbaijan”ın koordinasiyası ilə icra edilən “Azerbaijan Skills Accelerator” təşəbbüsü təhsil və əmək bazarı sistemlərini rəqəmsal və yaşıl iqtisadiyyatın tələb etdiyi yeni bacarıqlara uyğunlaşdırmağı məqsəd qoyur.
Saadia Zahidi həmçinin Nigeriyada həyata keçirilən “Nigeria Talent Accelerator” proqramına diqqət çəkərək bildirib ki, təşəbbüs ölkənin böyük gənc əhali potensialından daha səmərəli istifadə etməyə yönəlib. Sənaye, Ticarət və İnvestisiyalar Nazirliyi və Təhsil Nazirliyinin rəhbərliyi altında, NATEP-in koordinasiyası və özəl sektor tərəfdaşlığı ilə icra olunan layihə texnologiya yönümlü və xidmət sahələrində mövcud kritik bacarıq çatışmazlıqlarını aradan qaldırmağı hədəfləyir.
“Bu təcrübələr göstərir ki, bu gün insanlara edilən sərmayə sabah üçün paylaşılmış inkişaf, dayanıqlıq və rəqabətqabiliyyətinin əsasını formalaşdırır”, – deyə Saadia Zahidi vurğulayıb.
