Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-1” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində doqquzmərtəbəli binanın yeddinci mərtəbəsindəki mənzildə başlayan yanğının genişlənməsinin və digər mənzillərə keçməsinin qarşısı alınıb, o, qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxi və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Tüstüdən zəhərlənən 4 nəfər həyatını itirib. Mənzilin digər sahələri və qonşu mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Azərbaycan.media xəbər verir ki, baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Qurumun məlumatına görə, hadisə yerində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları, eləcə də FHN nümayəndələri tərəfindən müayinələr aparılır, zəruri prosessual hərəkətlər icra olunur.
Yanğının səbəbinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib. İlkin məlumata əsasən, tüstüdən boğulan 4 nəfərin — onların 2-nin azyaşlı olduğu qeyd olunub. Fakt üzrə araşdırma davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycan.media xəbər verir ki, TƏBİB yanğın zamanı xəsarət alanların son vəziyyəti ilə bağlı açıqlama yayıb. Məlumata görə, dekabrın 5-i saat 03:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə “Qobu Park-1” yaşayış massivində partlayış baş verməsi barədə çağırış daxil olub.
Hadisə yerinə 12 Təcili Tibbi Yardım briqadası cəlb edilib. Tüstüdən zəhərlənən 4 qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerində isə 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Hospitalizasiya olunanlardan 3 nəfərin vəziyyəti orta ağırdır, bir nəfərə zəruri tibbi müdaxilə göstərilib və onun ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
