Bu gecə Azərbaycanda Super Ay görünəcək

Azərbaycan.media xəbər verir ki, bu gecə Azərbaycan ərazisində ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq.

Astronomik proses zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünəcək. Super Ay dekabrın 4-ü saat 15:07-də başlayıb və Ay bu zaman Yerə ən yaxın məsafədə – 356 961 km (perigey) olub. Yerin təbii peyki dekabrın 5-də saat 03:15-də tam Ay fazasında olacaq.

Mütəxəssislər bildirirlər ki, Super Ay insanlara heç bir təhlükə yaratmır. Lakin Ay Yerə yaxınlaşdıqca onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə təsir edir, bu da adi haldan 3-5 sm yüksək dalğalanmalara səbəb ola bilər.

Qeyd edək ki, Ayın Yerə ən yaxın məsafədə olması (perigey) tarixi rekordlarla yadda qalıb: 1912-ci il yanvarın 4-də 356 375 km, 1948-ci il yanvarın 26-da 356 508 km, 2016-cı il noyabrın 14-də 356 509 km, 2018-ci il yanvarın 1-də 356 565 km olmuşdur. Növbəti maksimal yaxınlaşma 2034-cü il noyabrın 25-də 356 447 km məsafədə baş verəcək.