Azərbaycan.media xəbər verir ki, ölkəmizdə narkomaniyanın sürətlə yayılması cəmiyyət üçün ciddi təhlükə yaratmağa davam edir. Xüsusilə yeniyetmə və gənclərin narkotik vasitələrə əl atması dövlətimizin gələcəyi üçün ciddi risklər doğurur. Dövlət qurumları narkotik ticarəti və istifadəsinə qarşı ciddi mübarizə aparsa da, problemin tam həlli hələ mümkün deyil. Nəticədə narkomaniya qurbanı olan ailələrin sayı artaraq sosial və mənəvi çöküş riskini yüksəldir.
Azərbaycan.media “Qaranlıqdan işığa” rubrikası üçün bu və digər suallarla tanınmış aktrisa, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızına müraciət edib.
“Bu gün biz çox ağrı-acılı bir dövrü yaşayırıq. Narkomaniya bir çox ailədə faciəyə çevrilib. Dövlət tədbirləri olsa da, övladlarımızı zəhərdən qorumaq çətindir və bu problem artıq kütləvi xarakter alıb”, – deyən Zülfiyyə Eldarqızı qeyd edib ki, narkomaniyanın qarşısını almaq üçün sərhəd xidmətlərinə nəzarət gücləndirilməli və narkotik vasitələrin ölkəyə daxil olması qarşısı alınmalıdır.
O, eyni zamanda maarifləndirmə işlərinin genişləndirilməsi və cəzaların sərtləşdirilməsinin vacibliyini vurğulayıb: “Narkotik alverçilərinə qarşı sərt cəza tətbiq edilsə, narkoticarət zəifləyəcək”.
Aktrisa narkomaniyanın zərərləri ilə bağlı teatr tamaşalarının da təsirli olduğunu bildirib: “Teatrımızda narkomaniya əleyhinə bir tamaşa oynanıldı. Mən orada narkoman anasının obrazını canlandırmışdım. Bakı Şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə tamaşanı Maştağa, Şüvəlan, Buzovna, Nardaran, Əmircan və digər ucqar kəndlərdə təqdim etdik. Tamaşa zamanı qarşılaşdığım hadisələr çox dəhşətli idi. Hətta Əmircanda bir neçə ananın ürəyi getdi və təcili yardım çağırıldı. Mənim timsalımda ailələr öz övladlarının yaşadığı faciəni gördü. Bu, təbliğatın gücünü göstərir”.
Zülfiyyə Eldarqızı tanınmış insanların nüfuzundan istifadə etməklə maarifləndirmə işlərinin daha da gücləndirilə biləcəyini söyləyib: “Müğənnilər, aktyorlar, jurnalistlər və digər sənət adamlarının nüfuzundan istifadə edərək video-roliklər, kliplər, tamaşalar və filmlər hazırlayıb geniş ictimaiyyətə təqdim etmək mümkündür. Biz o tamaşanı təqdim edərkən valideynlər şəxsən təşəkkür edir, mənim yaşadığım faciəni öz dərdləri hesab edirdilər. Hətta Şüvəlanda bir oğlan mənə yaxınlaşıb söz verdi ki, bir daha narkotik istifadə etməyəcək”.
Aktrisanın sözlərinə görə, narkotiki insanlar üçün əlçatmaz etmək mümkündür: “Dövlət bu işdə əsas rolu oynayır, biz isə ziyalılar olaraq dövlətə dəstək verməliyik. Toplum olaraq istəsək, maddəni əlçatmaz etmək, maarifləndirmə işləri aparmaq, sərhəd və gömrük nəzarətini gücləndirmək müsbət nəticə verə bilər”.
Zülfiyyə Eldarqızı dərs vəsaitlərinin hazırlanmasının da əhəmiyyətini vurğulayıb: “Narkotikin yaratdığı faciələr, ölümlər və acılar haqqında faktlara əsaslanan dərs vəsaiti məktəblərdə tədris olunmalıdır. Bu, şüuraltına yeridilib, nifrət yaratmağa xidmət edəcək. Məktəb müəllimləri və psixoloqlar da bu işdə böyük rol oynayır. Hər bir vətəndaş dövlətə dəstək olaraq millətimizin balalarını bu əsrin bəlasından xilas etməlidir”.
Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
