Azərbaycan.media xəbər verir ki, 4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Vyanada Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələr üzrə inkişaf dinamikası müsbət qiymətləndirilib. Həmçinin iki ölkə arasında dostluq, qarşılıqlı dəstək və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığı vurğulanıb.
Nazirlər ikitərəfli iqtisadi və ticarət əlaqələri, enerji, nəqliyyat-logistika və elektrik enerjisi sahəsində indiyədək həyata keçirilmiş və planlaşdırılan birgə layihələr barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda mədəni və humanitar mübadilələrin gücləndirilməsi, Cənubi Qafqazda davamlı sülh və rifah üçün göstərilən səylər müzakirə olunub.
Görüş zamanı Nazir Ceyhun Bayramov Vaşinqton sammitindən sonra regionda sülh prosesinə dair ətraflı məlumat verib və əldə olunmuş razılaşmaların regionda sülh gündəliyinin irəliləməsi baxımından önəmli dönüş nöqtəsi olduğunu qeyd edib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
