Azərbaycan.media xəbər verir ki, 2026-cı ildən etibarən Gürcüstanda dövlət universitetlərində bütün tələbələrin təhsili dövlət büdcəsi tərəfindən tam maliyyələşdiriləcək. Bu barədə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin ali təhsilin maliyyələşdirilməsi ilə bağlı açıqlamasında bildirilib.
Yeni qaydalara əsasən, dövlət universitetlərində təhsil tamamilə pulsuz olacaq. Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib ki, hökumət əvvəlki maliyyələşdirmə mexanizmini davam etdirsə də, əsas diqqət dövlət ali məktəblərinin gücləndirilməsinə yönəlib.
“2026-cı ildən başlayaraq dövlət universitetlərində bütün tələbələrin təhsil haqqını dövlət qarşılayacaq. Ali təhsil islahatlarının prioriteti dövlət universitetlərinin dəstəklənməsi və gücləndirilməsidir”, – nazir vurğulayıb.
Nazir əlavə edib ki, növbəti tədris ilində özəl ali məktəblərə yeni daxil olan tələbələr üçün dövlət qrantı ayrılmayacaq. Bununla belə, artıq özəl universitetlərdə təhsil alan 2-ci, 3-cü və 4-cü kurs tələbələri, həmçinin magistraturaya qəbul olunanlar əvvəlki qaydada dövlət dəstəyindən yararlanmağa davam edəcəklər.
Givi Mikanadze həmçinin əcnəbi tələbələrlə bağlı yeni məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb. 2026-cı ildən etibarən əcnəbi tələbələrin dövlət universitetlərinə qəbulu müəyyən limitlərlə həyata keçiriləcək. Lakin ikitərəfli razılaşmalar, beynəlxalq mübadilə proqramları və xüsusi layihələr çərçivəsində qəbul edilən tələbələr bu məhdudiyyətdən kənar olacaq.
Nazirin sözlərinə görə, Gürcüstanda təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün özəl universitetlərə qəbul sərbəst şəkildə davam edəcək. Hazırda ölkədə 64 ali təhsil müəssisəsi fəaliyyət göstərir: onlardan 19-u dövlət, 45-i isə özəldir.
