Azərbaycan və Gürcüstan XİN rəhbərləri Vyanada görüşdü: Strateji tərəfdaşlıq və yeni layihələr müzakirə olunub

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Vyanada Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin “X” hesabında yayılan məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlığın müsbət inkişaf dinamikasını yüksək qiymətləndirib. Nazirlər dostluq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlərin regional sabitlik və inkişaf üçün mühüm rol oynadığını vurğulayıblar.

Görüşdə enerji, nəqliyyat-logistika, elektrik enerjisi və yaşıl enerji sahələrində yeni birgə layihələr müzakirə olunub. Bununla yanaşı, mədəni və humanitar mübadilələrin genişləndirilməsi perspektivləri də diqqət mərkəzində olub.

Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması istiqamətində görülən səylər də nazirlərin gündəmində əsas mövzulardan biri olub.