Azərbaycan və Ermənistan arasında sülh sazişi 2026-cı ildə imzalana bilər

Azərbaycan.media xəbər verir ki, Azərbaycan rəhbərliyi Ermənistanla rəsmi sülh sazişinin 2026-cı ildə imzalanacağını gözləyir. Bu barədə Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Cenevrədə jurnalistlərə açıqlama verib.

Diplomat bildirib ki, 2025-ci il bütün Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, otuz ilə yaxın davam edən münaqişə, qarşıdurma və rəqabətdən sonra tərəflər nəhayət ki, rəsmi şəkildə sülhə çox yaxınlaşıblar.

Elçin Əmirbəyov xüsusilə Vaşinqtonda avqust ayında keçirilən sammitin rolunu vurğulayıb. O qeyd edib ki, həmin görüş regionda düşmənçiliyin aradan qaldırılması, yeni mərhələnin başlanması və gözlənilən sülhün təsdiqi üçün mühüm imkan yaradıb.

“Biz inanırıq ki, gələn il çox əhəmiyyətli olacaq, çünki bu, sülh sazişinin rəsmiləşdirilməsinə şərait yaradacaq”, – Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra birgə bəyannamə imzalanıb.