Geminid meteor yağışı başlayır: Azərbaycan səmasında ilin ən parlaq kosmik şousu gözlənilir

Azərbaycan.media xəbər verir ki, ilin ən möhtəşəm və parlaq meteor yağışlarından biri hesab olunan Geminidlər bu gündən etibarən aktiv fazaya daxil olub və dekabrın 17-dək davam edəcək. Yağışın zirvə nöqtəsi isə dekabrın 14-ü gecə müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, Geminid meteor yağışının radiantı – yəni mənbə nöqtəsi – Əkizlər (Gemini) bürcündə yerləşdiyi üçün hadisə bu adla tanınır.

Paytaxt sakinləri Geminidləri saat 18:18-dən 07:22-dək müşahidə edə biləcəklər. Ən əlverişli zaman isə dekabrın 14-dən 15-nə keçən gecə, təxminən saat 02:30 radələridir. Həmin vaxt Bakıda radiant nöqtəsi üfüqdən 82° yüksəklikdə olacaq ki, bu da saatda 119-a qədər meteor görmək imkanı yaradır.

Bu il yağışın yeni Ay fazasına təsadüf etməsi müşahidəni daha da asanlaşdırır, çünki Ayın işığı demək olar ki, mane olmayacaq. Geminid meteorları Yer atmosferinə təxminən 35 km/san sürətlə daxil olur və bu, onların digər meteor yağışlarına nisbətən daha parlaq və daha uzunmüddətli yanmasına səbəb olur. Bu xüsusiyyət sayəsində çoxlu sayda bolidlərin – xüsusilə parlaq meteorların – görünməsi mümkündür.

Geminidləri digər meteor yağışlarından fərqləndirən əsas məqam onların mənşəyidir. Adətən meteor yağışlarının qaynağı kometlər olsa da, Geminidlər 3200 Faeton adlı asteroidlə əlaqələndirilir. 1983-cü ildə kəşf edilən bu asteroid Günəşə 20 milyon kilometrədək yaxınlaşa bilir və səthi təxminən 700°C-yə qədər qızır. Qızma nəticəsində səth materialı parçalanaraq toz axını əmələ gətirir və Yer hər il bu axından keçdikdə Geminid yağışı yaranır.

Meteorların rəng müxtəlifliyi də diqqət çəkir: sarı rəng natriumun, yaşıl maqneziumun, mavi-ağ isə dəmir qarışıqlarının yanması ilə bağlıdır. Bu, Geminidləri vizual olaraq daha cəlbedici edir.

Elm adamları bildirirlər ki, son 50 ildə Geminid yağışının gücündə artım müşahidə olunur. Əgər 1900-cü illərdə bir saatda cəmi 20 meteor görünürdüsə, hazırda bu rəqəm 120-yə çatır. Bu artım Faetonun orbitində toz sıxlığının yüksəlməsi ilə izah edilir.

Geminid meteor yağışı 2025-ci ilin ən yaddaqalan astronomik hadisələrindən biri olacaq. Hava şəraiti əlverişli olarsa, Azərbaycan səmasında parlaq və təsirli bir kosmik mənzərə müşahidə ediləcək.