Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxış edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxış edərək təşkilatın fəaliyyəti, regionda sülh və təhlükəsizlik məsələləri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesini dəyərləndirib.

XİN-dən verilən məlumata görə, nazir ilk olaraq ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenə il ərzində təşkilata sədrliyi həyata keçirdiyinə görə minnətdarlığını bildirib, həmçinin İsveçrəli nazir İqnasio Kassisə gələn il uğurlu sədrlik arzu edib. O, Avstriya tərəfinə Vyanada iclasın keçirilməsinə ev sahibliyinə görə təşəkkürünü ifadə edib.

C.Bayramov iclasın ATƏT məkanında davam edən təhlükəsizlik böhranı fonunda keçirildiyini vurğulayıb və Helsinki Yekun Aktının 50 illik yubileyinin qeyd olunmasının əslində keçmiş səhvlərdən dərs çıxarmaq və aktın mahiyyətinə yenidən sadiqliyi təsdiqləmək üçün əhəmiyyətli olduğunu qeyd edib. Nazir xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin aktuallığını vurğulayıb və bu prinsiplərin ardıcıl, ayrı-seçkilik olmadan tətbiq edilməsinin vacibliyini qeyd edib.

C.Bayramov Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əldə olunan tərəqqini də diqqətə çatdırıb. O bildirib ki, 2024-cü il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammiti nəticəsində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamə qəbul olunub. Sammit çərçivəsində ikitərəfli danışıqların davamı olaraq Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.

Nazir həmçinin 2020-ci ildən sonra ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması barədə birgə müraciətin imzalandığını qeyd edib və Finlandiya sədrliyinə, ATƏT Baş katibinə və iştirakçı dövlətlərə təşəkkürünü bildirib. C.Bayramov regionda sülhün bərqərar olduğunu, Azərbaycan və Ermənistanın sabit dövr yaşadığını və iki ölkənin müxtəlif sahələrdə konkret tədbirlər həyata keçirdiyini vurğulayıb.

Azərbaycanın Ermənistana qarşı məhsulların tranzit məhdudiyyətini aradan qaldırmaqla xoşməramlı jest göstərdiyini bildirən nazir, normallaşma prosesinin yekunlaşdırılması üçün xoş niyyətin və öhdəliklərin vaxtında icrasının həlledici əhəmiyyət daşıdığını qeyd edib. O, Ermənistan Konstitusiyasında ərazi iddialarının çıxarılmasının, paraflanmış ikitərəfli sazişin imzalanmasının və ratifikasiyasının, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçirilməsinin sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

C.Bayramov əlavə edib ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda fəal və nəticəyönümlü sədrliklər həyata keçirir və həmişə konstruktiv çoxtərəfliliyi dəstəkləyir. Nazir ATƏT çərçivəsində də Azərbaycan tərəfindən konstruktiv əməkdaşlığa sadiqlik, təşkilatın funksionallığı və səmərəliliyi üçün bütün üzv dövlətlərlə əməkdaşlıq əhəmiyyətini vurğulayıb və yalnız birgə həll yollarının nəticə verə biləcəyini bildirib.