Azərbaycan.media xəbər verir ki, dekabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə başçısının sərəncamı ilə təltif olunan alimlərlə görüş keçirib.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə nazir son illərdə elmin inkişafı istiqamətində həyata keçirilən əsas addımlar, struktur islahatları, elmi fəaliyyətin stimullaşdırılması, gənc tədqiqatçıların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində görülən işlər barədə danışıb. Emin Əmrullayev alimləri təbrik edərək onlara dövlət təltiflərini təqdim edib.
Görüşdə iştirak edən alimlər göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edib, elmin inkişafına mane ola biləcək mövcud problemlər barədə fikirlərini bölüşüblər. Onlar həm görülən işlərin əhəmiyyətini vurğulayıb, həm də bu cür görüşlərin mütəmadi təşkil olunmasının vacibliyini qeyd ediblər.
