Gürcüstanda avtomobil idxalçıları: “Maya dəyərindən aşağı satmağa məcburuq”

Azərbaycan.media xəbər verir ki, Gürcüstanda avtomobil idxalçıları bazardakı vəziyyətin ağırlaşdığı, hətta avtomobilləri maya dəyərindən aşağı satmaq məcburiyyətində qaldıqlarını bildirirlər.

Bunu Avtomobil İdxalçılar Assosiasiyasının sədri Laşa Darbaiseli açıqlayıb. Onun sözlərinə görə, Mərkəzi Asiyadan olan miqrantların bazarda yaratdığı yeni rəqabət idxalçıların satış imkanlarını ciddi şəkildə daraldıb.

“Əvvəllər Mərkəzi Asiyadan gələnlər avtomobilləri idxalçılardan alırdılar. İndi isə özləri avtomobil alıb birbaşa ixrac edirlər. Bu isə yerli idxalçıların gəlirlərini azaldır. Təkrar ixrac bazarı da artıq satışları kompensasiya etmir. Yerli bazar isə idxal etdiyimiz avtomobillər üçün kifayət qədər geniş deyil”, – Darbaiseli deyib.

Assosiasiya rəhbəri bildirib ki, Yeni il ərəfəsində satışların əvvəlki illərlə müqayisədə artmasına baxmayaraq, ümumi mənzərə hələ də narahatlıq doğurur: “Statistikada rəqəmlər yaxşı görünə bilər, amma real vəziyyət fərqlidir. Avtomobil idxalçıları doğrudan da ciddi çətinliklərlə üz-üzədirlər”.

Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda minik avtomobillərinin təkrar ixracı 2025-ci ilin yanvar–oktyabr aylarında tarixi maksimuma çatıb – 2,287 milyard dollar dəyərində 92 713 avtomobil reeksport edilib. Bu, 2014-cü ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

2024-cü ilin eyni dövründə isə Gürcüstan 88 235 avtomobil reeksport etmişdi ki, bu da cari ilin nəticələrindən 14 faiz azdır.

Bununla belə, idxalçılar deyirlər ki, rekord göstəricilər real gəlirlərə eyni dərəcədə təsir etmir və sektor kəskin rəqabət təzyiqi ilə üzləşib.