Azərbaycan.media xəbər verir ki, Orta Asiya mədəniyyət mühitində baxşı sənəti həm tarixi kökləri, həm də funksional xüsusiyyətləri ilə seçilən ənənələrdən biridir. Bu bölgədə formalaşan baxşı obrazı ozan və daha qədim mərhələdəki şamanla müqayisədə özünəməxsus cəhətlərə malikdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Özbək baxşılarında ustad–şəyird ənənəsinə həsr edilən məqaləsində bildirilib ki, tarixi mənbələrdə türkmən və özbək toplumlarında şairlərə, savadlı şəxslərə, həkimlərə, saray məmurlarına və el müdriklərinə “baxşı”, “baksı” kimi müraciətlər edilib.
Qazax, qırğız və uyğur folklorunda falçı və baxıcı funksiyası daşıyan şamanların “bakşı” və “bakçı” adlandırılması bu terminologiyanın geniş coğrafi arealda yayıldığını göstərir. “Baksa”, “faksa”, “paksi” kimi variantlar isə adın qədim fonetik fərqliliyinə işarə edir.
Özbək və türkmən baxşılıq ənənəsinin əsas xüsusiyyətlərindən biri xalıpa–çıraq (ustad–şəyird) sistemidir. Bu münasibət təkcə sənət öyrənmə üsulu deyil, həm də əsrlər boyunca qorunmuş mədəni tərbiyə mexanizmidir. Baxşı sənətində musiqi və söz repertuarı şifahi ənənəyə dayanır və üç–beş illik öyrənmə dövrü ərzində xalıpa şəyirdinə çalıb-oxumağı, dastan söyləməyi və məclis idarə etmə qaydalarını öyrədir. Yetkinlik mərhələsinə çatan şəyird Taşauz vilayətindəki Aşıq Aydın ocağında ustad xeyir-duası alır.
Türk dünyasının inanc sistemində Baba Qambar və Aşıq Aydın baxşıların piri hesab olunur. Baxşı adının türkmən və özbək mühitində qazandığı çoxqatlı məna şaman kodları, ozan ənənəsi və yeni dövrün mədəni spesifikasını özündə birləşdirərək tarixi proseslər boyunca müxtəlif funksiyalar icra edib.
Bölgələrdə baxşı, bakşı, faksa və paksı kimi müxtəlif tələffüzlər işlənsə də, onların arxasında eyni mədəni ruh dayanır. Şifahi ənənəyə əsaslanan baxşı yaradıcılığı şamanlıq və ozanlıq elementlərini orta əsrlərin geniş mədəni mühitində yeni çalarlarla zənginləşdirib.
Bu ənənənin dayağı olan ustad–şəyird sistemi isə türkdilli xalqların mənəvi özünüdərkində mühüm rol oynayan baxşı, akın və aşıq yaradıcılığının bu günə qədər yaşamasına xidmət edən ən möhkəm sütun kimi dəyərləndirilir.
