Mütəxəssislər: “Çörəkdən tam imtina etmək bədənə daha çox zərər verir”

Azərbaycan.media xəbər verir ki, artıq çəkidən xilas olmaq istəyən insanların çoxu çörək və şirniyyatı rasiondan kənarlaşdırmağa çalışır. Lakin çörəyin orqanizm üçün tamamilə ziyanlı olması barədə yayılan fikirlər doğru deyil – əksinə, ondan tam imtina etmək bədənə daha çox zərər verə bilər.

Əla növ buğda unu ilə tam buğda unundan hazırlanan çörəklərin tərkibi arasında böyük fərq var. Hazırda bazarda “buğda unu” adı ilə satılan məhsullar adətən orqanik buğdadan hazırlanmır. Onun ağardılması və xəmir keyfiyyətinin artırılması üçün əlavə maddələrdən istifadə olunur. Bu səbəbdən əla növ buğda unundan bişirilən çörək qeyri-sağlam qidalar sırasında ilk yerlərdən birini tutur.

Tam buğda ununun keyfiyyəti isə fərqlidir. Onun tərkibində B qrup vitaminləri, kalium, kalsium, maqnezium, flor və digər minerallar mövcuddur. Mütəxəssislərin sözlərinə görə, pəhriz zamanı belə müəyyən miqdarda – gün ərzində bir dilim – tam taxıl çörəyi qəbul etmək mümkündür.

Buğda ununu qarabaşaq, mərcimək, yulaf, qarğıdalı və düyü kimi karbohidratlarla əvəz etmək olar. Çünki karbohidratlar bədənin enerji ehtiyacını ödəyən əsas maddələrdir. Bir həftə çörəkdən tam imtina edildikdə karbohidrat çatışmazlığı yaranır, bu isə sinir sisteminin pozulması, yorğunluq, stres və əsəbilik kimi hallarla nəticələnə bilər.

Mütəxəssislər bildirirlər ki, hansısa səbəbdən çörəkdən imtina edildiyi halda, bədənin ehtiyac duyduğu karbohidrat mütləq paxlalılar və dənli bitkilərin hesabına qarşılanmalıdır.