Azərbaycan.media xəbər verir ki, ABŞ-a girişinə əvvəlki illərdə qadağa qoyulmuş 19 ölkədən olan şəxslərin bütün immiqrasiya müraciətləri, o cümlədən yaşıl kart (Green Card) prosesi müvəqqəti dayandırılıb.
“ABCNews”un məlumatına görə, bu qərar, iki Milli Qvardiya əsgərinin atəşə tutulması hadisəsindən sonra həyata keçirilən genişmiqyaslı immiqrasiya dəyişikliklərinin bir hissəsidir.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) tərəfindən yayımlanan siyasət memorandumunda bildirilir ki, həmin 19 ölkədən olan miqrantların Green Card müraciətləri və təbii vətəndaşlıq prosesi də daxil olmaqla bir sıra immiqrasiya qərarları müvəqqəti dayandırılır. Dayanmanın nə vaxt qaldırılacağı agentliyin direktoru Cozef Edlovun qərarından asılıdır.
İyun ayında ABŞ administrasiyası milli təhlükəsizlik səbəblərinə əsaslanaraq 12 ölkənin vətəndaşlarının ABŞ-a səyahətini qadağan etmiş, əlavə olaraq 7 ölkədən gələnlər üçün giriş məhdudiyyətləri tətbiq etmişdi.
Qadağa tətbiq edilən ölkələr bunlardır: Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən. Məhdudiyyət tətbiq edilən ölkələr isə Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesueladır.
